Bu il artıq beşinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir.

AZƏRTAC-ın bölgə müxbirinin xəbərinə görə, cari ildə kümçülər tərəfindən 6 ton yaş baramanın istehsalı nəzərdə tutulub.

Rayonun Alpout, Aşağı Salahlı, Aslanbəyli, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı Salahlı kəndləri üzrə barama yetişdirən kümçülərə 150 qutu ipəkqurdu toxumu paylanılıb.

Kümçülər bildiriblər ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də mütəxəssislərin məsləhətindən yararlanaraq daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını deyiblər.