Tovuzda dələduzluq hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan report-averilən məlumata görə, Tovuz rayonunda vətəndaşın etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb.

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Ağcabədi rayon sakini Zaur Sadıqov saxlanılıb. 

Araşdırma zamanı müəyyən edilib ki, Z. Sadıqov bir neçə ay əvvəl Tovuz rayonu ərazisində rayon sakininə işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadıb. Hələlik polisə rəsmi şəkildə müraciət edə edən 1 nəfər zərərçəkəni bu üsulla aldadan Z.Sadıqov ümumilikdə onun 1 000 manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” Zəng Mərkəzinə, Tovuz RPŞ-nə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.