Qazax rayonunun Çaylı kəndində də imkansız, işsiz ailələrə yardımlar paylanılıb.

Bu barədə “Qərb Xəbər” saytına Qazax Regional İnkişaf Resursları İctimai Birliyi sədri, Qazax rayon Çaylı kənd sakini Məhərrəm Göyüşoğlu məlumat verib.

O bildirib ki, paylanılan yardımlar 130 ailəni əhatə edib: “Beş il bundan öncə “Çaylı yolu” icması yaratmışdıq. Həmin icmanın xətti ilə bu il də ölkəmizdə və dünyada baş verən koronavirus pandemiyasına görə izolyasiya və karantin tədbirləri elan olunanda icma yenidən toplandı. Çaylı kəndinin 10 min əhalisi var; onların içində imkanlıları da var, kasıb yaşayanları da… Belə qərara gəldik ki, aztəminatlı ailələrə ərzaq yardımı edək. 70-ə yaxın icma üzvünün dəstəyi ilə 130 ailəyə ərzaq yardımı paketi paylandı”.

M.Göyüşoğlu gələcəkdə də bu cür xeyriyyə tədbirlərini həyata keçirəcəklərini bildirib: “Düşünürəm ki, el-obanın biri-birinə dəstək olmalıdır. Ona görə gələcəkdə də bu cür tədbirləri həyata keçirməyi planlaşdırırıq”, – deyə əlavə edib.