Təhsil Nazirliyi tədrisin dayandırılması ilə əlaqədar keçirilən teledərslərin vaxtının az olmasının səbəbini açıqlayıb.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib ki, onlara da teledərslərdə proqramların 10-15 dəqiqə ərzində keçirilməsi ilə bağlı müraciətlər edilir:

“Ənənəvi dərslərdə 45 dəqiqə müəllimin izahatından, şagirdlərin müzakirələrindən, qrup işlərindən və s.-dən ibarət olur. Ancaq son zamanlar aparılan təhsil islahatları nəticəsində tədris prosesində daha çox şagirdlər iştirak edir. Ümumi araşdırmamızın nəticəsinə görə, müəllim bir dərsdə yeni mövzunu təxminən 10-12 dəqiqəyə izah edir. Qalan vaxt şagirdlərin müzakirələri, qrup işləri və s.-yə sərf edilir”.

O.Abbasov əlavə edib ki, martın 3-dən ölkədəki bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Ancaq buna baxmayaraq, Təhsil Nazirliyi tərəfindən verilən operativ qərarla martın 11-dən teledərslər keçirilir.

O, Təhsil Nazirliyinin bütün valideynlərə övladlarının teledərslərə baxmasını təmin etməyi tövsiyə etdiyini də xatırladıb.