Qərb bölgəsində yerləşən Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarında fəaliyyət göstərən əksər mağaza və supermarketlərdə gigiyenik qaydalara əməl olunmur.

“Qərb Xəbər” saytının əməkdaşlarının keçirdiyi reyd nəticəsində məlum olub ki, un məmulatları qablaşdırılmadan satılır. Belə ki, “Xahiş edirik, çörəyi əlinizlə seçməyin” xəbərdarlığına rəğmən alıcılar supermarketlərə daxil olub çörəyi əlləri ilə seçib götürürlər.

Bundan əlavə, satıcılar maska və hər hansı bir tibbi preparatlardan istifadə etmirlər.

Əməkdaşlarımız vətəndaşlarla da söhbət aparıb. Onların fikri bu yöndədir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın supermarket və mağazalardakı vəziyyəti də tənzimləməsi arzuolunandır.

Qeyd edək ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.