Azərbaycanda mərhumları qara bayramla anmaq ənənəsi var. Bu mərasim dünyasını dəyişən şəxsin qırxı çıxandan sonra gələn ilk bayrama – Novruza və ya Ramazan a təsadüf edir, qohum-əqrəbanın, yaxınların iştirakı ilə ev şəraitində keçirilir.

İslamda qara bayram anlayışı, başqa müsəlman ölkələrində belə ənənə varmı?

Novator-un sualını cavablandıran ilahiyyatçı Şəhriyar Məcnunov deyir ki, bayram öncəsi qəbirləri ziyarət etmək, mərhumları xatırlamaq, yad eləmək həm adətimizdə, həm şəriətdə var: “Peyğəmbərimiz hədislərində də bunları tövsiyə edir. Ancaq xoş günə qara bayram adı vermək yaxşı deyil. Təəssüf ki, bizim ölkədə qara bayram ifadəsi geniş yayılıb.

İranda bizdəki kimi qara bayram keçirmək ənənəsi var. Bəzi ərəb və Orta Asiya ölkələrində Ramazan və Qurban bayramı ərəfəsində oxşar mərasimlər olur. Ancaq islam ölkələrinin əksəriyyətində belə adət yoxdur”.

Folklorşünas Ağaverdi Xəlilov bildirir ki, qara bayramın iki mənası var: “Bir mənası böyük bayramdır, ikinci mənası mərhumun xatırlanması və ya onun adına ehsan verilməsi. Bizim ənənəvi mədəniyyətimizdə əcdad önəmli yer tutur. Ölmüş əcdadların, valideynlərin xatirəsi əziz tutulur, məzarları ziyarət edilir, onların adına ehsan verilir.

İslamın iki əsas bayramının biri Ramazandır. Ənənəyə görə, yaxınını Ramazan bayramı ərəfəsində itirmiş ailənin evinə qohum-əqrəba toplaşır, bir daha başsağlığı verir, ehsan süfrəsi açılır.

Novruz bayramı ərəfəsində vəfat edənlər üçün də eyni mərasimlər olur. Bizdə bu mərasimlər qara bayram adı alıb”.