Jurnalist məsuliyyəti yalnız yazı və ya çəkdiyi məhsulun keyfiyyəti ilə yekunlaşmır, buraya peşə fəaliyyəti zamanı davranış qaydalarına əməl olunub-olunmaması da daxildir, yəni “süfrəyə təqdim edilmiş xörəyin hazırlandığı mətbəxin halı” da önəmlidir. Qarşımıza qoyulan dadlı yemək natəmizlik şəraitində hazırlanıbsa, əlbəttə, iştahımız qaçar. Eynilə jurnalistin təqdim etdiyi məhsul da nəticədir, hazırlıq zamanı onun hansı mərhələlərdən keçməsi mühüm əhəmiyyət kəsb edir.

Jurnalist peşəkarlığının göstəricilərindən biri də mitinq və nümayişlərin işıqlandırılması zamanı davranış qaydalarıdır.

Azərbaycanda etiraz aksiyalarının keçirilməsi redaksiyaları multimedia haqqında ciddi düşünməyə vadar edir. Nəzərə alsaq ki, “ağıllı telefonlar” vasitəsilə mitinqlərin keçirildiyi məkandan birbaşa yayım etmək mümkündür, deməli, hadisə auditoriyaya ani olaraq çatdırılır. Amma bununla bərabər istər-istəməz tamaşaçıya başqa məlumatlar da ötürülür. Mən əyinində PRESS gödəkçəsi ola-ola etirazçılara qoşulub şüarlar səsləndirən, polislə lazımsız qarşıdurmaya gedən həmkarlarımızın davranışından danışıram. Bu sətirləri MSK-nın qarşısında ilk etiraz tədbiri zamanı jurnalistlərin “onları buraxın!” deyə polislərlə çəkişdiklərini, şüarlar səsləndirdiklərini müşahidə edəndən sonra yazıram. Bizim işimiz belə hadisələri olduğu kimi auditoriyaya çatdırmaqdır. Onları şərh edə bilərik, amma emosiyalarımıza uyub etirazçılara qoşulmamalıyıq.

Mitinq, yaxud piket bəzən hakimiyyətlə razılaşdırılmır, amma jurnalist bu cür “icazəsiz” aksiyalarda işləyən zaman da peşə prinsipinə sadiq qalmalıdır. Jurnalistin davranışı aksiyanın xarakterinə görə dəyişməli deyil.

Jurnalist etiraz edirsə, deməli, maraq qruplarından birini təmsil edir və belə olan halda onun saxlanılmasını, fiziki təsirə məruz qalmasını sırf peşə fəaliyyətinə müdaxilə kimi qiymətləndirmək çətindir. Bəzən mitinq və etirazlar “Qonzo jurnalistikası” qaydalarına əsasən işıqlandırılır: dərin subyektivizm – şəxsi mövqe nümayiş etdirilir; jurnalist hadisələrin iştirakçısı olur, emosiyalarını sarkazm, şişirtmə, hətta qeyri-normativ leksikadan istifadə etməklə ifadə edir.

Doğrudur, sadaladığımız bu və digər neqativ hallara yol verməyən, amma polisin hücumuna məruz qalan həmkarlarımız az deyil. Kobudluqla üzləşən media təmsilçisi polisə öz kimliyini xatırlatmalı, onun işinə müdaxilə etmədiyini söyləməli və qarşı tərəfdən eyni şeyi tələb etməlidir; vəziyyət nəzarətdən çıxdığı tədqirdə, şikayətini bildirmək üçün yüksək vəzifəli şəxslərdən biri ilə görüşməli, yaxud əlaqə saxlamalı, etirazını ona çatdırmalıdır. Yəni hüquqlarının bərqərar olunması üçün jurnalist həmin an özünün “mini-mitinqini” də keçirə bilər və media qurumları bütün imkanları ilə onun müdafiəsində dayanmalıdırlar. Ancaq polis jurnalistin peşə fəaliyyətinə mane olursa, bu, jurnalistin etirazçılar tərəfə keçməsinə əsas vermir. Hər halda, belə qərar qəbul etməzdən əvvəl o, redaksiyadan aldığı gödəkçəni əynindən çıxarmağı unutmamalıdır.

Mətbuat və söz azadlığı KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onun üzərinə həm də əlavə məsuliyyət qoyur. Media hakimiyyətdən demokratik dəyərlərin qorunmasını və mühafizəsini tələb edirsə, öz davranış qaydalarını özü tənzimləməyi bacarmalıdır.

Qərb təcrübəsində jurnalist, hətta ştatda olmadıqda belə, əməkdaşlıq etdiyi media qurumunun davranış qaydaları ilə tanış olmalı və onlara əməl etməlidir. Jurnalistin etiraz aksiyasında iştirakına redaksiyanın icazəsi varsa, bu o demək deyil ki, o bütün hərəkətlərində tam sərbəstdir. Jurnalist çalışdığı (müvəqqəti də olsa əməkdaşlıq etdiyi) media qurumunun simasıdır və onun istənilən davranışı təmsilçisi olduğu redaksiyanın mövqeyini əks etdirir. Media mənsubu aksiyalardan şəxsi məqsədlər üçün istifadə etməməlidir.

Jurnalistin qatıldığı etiraz aksiyaları şəxsi deyil, ictimai xarakter daşıyır. Aksiyada konkret siyasi qüvvəni ittiham edən jurnalist peşə fəaliyyətinə geri döndükdən sonra onun qərəzsiz və balanslı olacağı şübhə doğurur. Buna görə də o, kütləvi tədbirlərdə emosiyalarına sahib olmalı, simpatiya və antipatiya nümayiş etdirməməlidir.

Etirazçılara qoşularaq, konkret şəxsi və ya qrupu hansısa əməllərdə ittiham etmək, yaxud dəstəkləmək, hökm vermək jurnalistin peşə borcu deyil. O, faktların və sənədlərin dili ilə reallığı təsvir etməli, həqiqəti, o cümlədən onun “qaranlıq üzünü” cəmiyyətə göstərməlidir. Cibində redaksiya vəsiqəsi gəzdirən və jurnalistikanın bu mühüm prinsipinin tələblərinə əməl etməyən həmkarlarım isə peşəmizin bizə verdiyi xüsusi müdafiə hüququndan məhrum ola biləcəklərini göz önünə gətirməlidirlər.

Yazı ilk dəfə 2020-ci il fevralın 18-də PressKlub.az saytında dərc olunub.