Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsində qaliblərdən biri olan Elmar Rzalının icra etdiyi “Dirçəliş kuboku” gənclər arasında intellektual turnir” layihəsi çərçivəsində ikinci yarış keçirilib.

Ötən gün “Nə? Harada? Nə zaman?” formatı üzrə reallaşan yarışda ən yaxşı nəticə göstərən 12 intellektual klub bu dəfə “Breyn Rinq”də qüvvələrini sınayıblar.

Ümumilikdə 60 gəncin heyətində yer aldığı komandalar püşkatmaya əsasən hər birində 4 kollektiv olmaqla 3 qrupa bölünüblər. Hər qrup üçün 10 sual səsləndirilib.

Qazax Gənclər Mərkəzində reallaşan yarışın nəticələrinə görə A qrupundan “Alcatras” (müstəqil), “Göyəzən” (Qazax rayonu R.Mirzəliyev adına Alpout kənd tam orta məktəb), B qrupundan “Replicants” (müstəqil), “La Catedral” (müstəqil), C qrupundan isə “Panteon” (müstəqil) və “Diamond” (Qazax rayonu V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəb) həlledici raund olan – “Erudit Kvartet”ə vəsiqə qazanıblar.

Sabah bu mərhələdə 6 komanda mükafatçıları müəyyənləşdirəcək. Yekunda qalib komanda “Dirçəliş kuboku”na yiyələnəcək. Bütün mükafatçı komandalar isə diplom və medallarla təltif olunacaq.