Rusiya prezidenti bu gün (dünən – red.) çıxışı zamanı deyib ki, ölkədə minimum yol verilən qida səbətinin tərkibi dəyişdirilməlidir. Hazırkı səbətdə çörək və un məmulatlarının, kartofun və yağın payı çox olduğu halda, balıq, ət və meyvə-tərəvəzin xüsusi çəkisi aşağıdır. O, hökumətə minimum qida səbətinin dəyişdirilməsini tapşırıb.

Azərbaycanda bu məsələ müstəqil ekspertlər tərəfindən dəfələrlə qaldırılıb. Hətta yaşayış minimumu haqda qanunvericlik dövri olaraq minimum istehlak səbətlərinin tərkibinə baxılmasını zəruri edir.

İndi gəlin Putinin şikayət etdiyi Rusiya və Azərbaycanı müqayisə edək.

Bir nəfər əmək qabiliyyətli şəxs üçün minimum yolverilən qida istehlakı səbətində çörək və un məmulatları üçün norma Rusiyada, 126.5 kq, Azərbaycanda 136.8 kq, kartof norması Rusiyada 100.4 kq, Azərbaycanda 54.8 kq, süd və süd məhsulları Rusiyada 290 kq, Azərbaycanda 223.6 kq, tərəvəz norması Rusiyada 114.6 kq, Azərbaycanda 97.2 kq, meyvə norması Rusiyada 60 kq, Azərbaycanda 38 kq, balıq norması Rsuiayda 18.6 kq, Azərbaycanda 7.7 kq, ət norması Rusiyada 58.6 kq, Azərbaycanda 32.9 kq təşkil edir.

Diqqət edin, qida səbətində ət, balıq, meyvə və tərəvəz üçün minimum istehlak norması Azərbaycanla müqayisədə orta hesabla 1.5-2 dəfə yüksəkdir. Amma Rusiya prezidenti daha da artırmağı təklif edir. Çünki sosial siyasətin məqsədləri üçün elmi baxımdan səhih əsaslandırılmış qida rasionundan istifadə insanların sağlamlığının ilk şərtidir.

Yeri gəlmişkən, Rusiyada yaxınlara gerçəkləşdirilən yeni Konstitusiyada minimum əmək haqqı barədə ayrıca maddə olacaq. Həmin maddəyə görə minimum maaşlar yaşayış minimumunun dəyərindən aşağı ola bilməz.

Amma söhbət tərkibi yenidən baxılmış, daha yüksək normalar əsasında hesablanmış yaşayış minimumundan gedir.