Ağstafa rayonunun sərhəd kəndi Köhnəqışlaqda yaşayan Qarabağ müharibəsi veteranı Məmmədov Əvəz Məhəmmədəli oğlunun evində qaz yoxdur.

Veteran döyüşçü “Bölgənin Səsi” saytına bildirib ki, evinə qaz çəkmək üçün Ağstafa rayon qaz idarəsi ondan 300 manat dövlət rüsümu ödəməyi və qaz borularını öz hesabına almasını tələb edir: “Təxmini hesablamalara görə evin qazlaşdırılması üçün 1000 manat lazımdır. Bu nə qayda, nə mürtəce qanun, nə çapoulçuluq?! Qaz satırsan, zəhmət çək evə kimi gətir və sayğacını da quraşdır…”

Əvəz Məmmədov bankdan götürdüyü kreditin hamısını evin tikintisinə xərclədiyini və pulunun olmadığını bildirib. Bu problemlər azmış kimi, o, həm də işsizdir…

4 il Qarabağ döyüşlərində iştirak etmiş Əvəz Məmmədovun 2 məktəbli övladı soyuqdan evdə donur. Sosial problemlər ucbatından azyaşlı övladları məktəbə getmir…

Qeyd edək ki, Qarabağ müharibəsi veteranı Ağstafa rayon icra hakimiyyətinin keçmiş icra başçısı Nizaməddin Quliyevə müraciət etsə də, probleminə baxılmayıb.