Bu il subbakalavr təhsilini başa vuran 5000-ə yaxın azərbaycanlı tələbə ali məktəbə müsabiqədənkənar qəbul olub.

Bunu Prezident İlham Əliyevin sərəncamlarına əsasən Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə bu təhsil müəssisəsinin əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, bu il subbakalavr təhsil pilləsində təhsil alan tələbələrin öz ixtisaslarına uyğun olaraq müəyyən şərtlər çərçivəsində təhsilin növbəti pilləsinə müsabiqədənkənar təhsil almaq imkanları təsbit edilib. Qanunvericiliyə edilmiş bu dəyişiklik ilk dəfə 2019-2020-ci ildə tətbiq edilməyə başlayıb:

“Məmnunluqla qeyd etməliyəm ki, subbakalavr təhsilini başa vuran 5000-ə yaxın azərbaycanlı tələbə bu il bu imtiyazdan istifadə edərək təhsillərini davam etdirmək imkanı əldə edib. Bununla yanaşı, respublika və beynəlxalq olimpiadalar, müxtəlif incəsənət və idman sahəsi üzrə beynəlxalq yarışların nəticələrinə əsasən 100-dən artıq istedadlı azərbaycanlı gənc Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb”.