Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarını şərh edib. Həmin maddəyə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycanın saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Novator-un məlumatına görə, rəsmi açıqlamada qeyd olunur ki, Kəpəz Rayon Məhkəməsi (Gəncə şəhəri) Konstitusiya Məhkəməsinə müraciətində Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hüquq verən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh olunmasını istəyib: “Müraciətdən görünür ki, T.Alışanlının Cinayət Məcəlləsinin 29 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktına əsasən o, Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə 26 iyul 2018-ci ildə keçirdiyi qəbul imtahanında H.Quliyevin əvəzinə iştirak etməyə razılaşıb, onun şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini əldə edərək imtahana gedib, həmin sənədləri Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına təqdim edib. Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları T.Alışanlının H.Quliyev olmadığını müəyyən edərək onun imtahan zalına buraxılmasının qarşısını alıb.

T.Alışanlı H.Quliyevin adına kodlaşdırılmış, imtahan vermək və müvəffəqiyyət balı topladığı halda ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq hüququ verən rəsmi sənəd olan cavab kartına sonuncunun adından məlumatları yazmağa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək rəsmi sənəd olan cavab kartını istifadə etmək məqsədilə saxtalaşdırmağa cəhd göstərib.

Müraciət edənin mövqeyinə görə, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasında göstərilən saxtalaşdırmanın hansı hərəkətləri ehtiva etməsi konkret göstərilməyib. T.Alışanlı imtahana daxil olmaq üçün istifadə etdiyi sənədlərdə (şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsində) hər hansı düzəliş və dəyişiklik etməyib, habelə o, imtahanda iştirak etsə idi, cavab kartına H.Quliyevə aid məlumatları yazacaq və onun yerinə imtahan suallarını cavablandıracaqdı. Formal yanaşıldıqda T.Alışanlının cavab kartına yazacağı məlumatların yanlış olmadığı, məhz həmin cavab kartına yazılmalı olan məlumatlar olduğu müəyyən edilir. Bu baxımdan T.Alışanlının qanunazidd davranışı özünü başqa şəxs, yəni H.Quliyev kimi təqdim etməsindən ibarətdir və bu əməldə Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş saxtalaşdırmanın mövcudluğu suallar yaradır”.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətə baxaraq belə bir qərar çıxarıb: “Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxsin məlumatlar daxil etməsi, onun əvəzinə imzalaması və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı və Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir”.