“Şəmkir rayonunun qonşu Keçili və Xuluf kəndlərinin ortaq məktəbi bərbad vəziyyətdədir. Əksəriyyət uşaqlarını dərsə göndərmək istəmir. İmkanı olanlar isə uşaqlarını xüsusi avtobus və taksilər vasitəsilə şəhər məktəblərinə göndərir”.

Bunu Keçili kənd sakini Məmmədov Zaman “Bölgənin Səsi” saytının müxbirinə deyib. O bildirib ki, yaşadıqları kəndin əsas problemlərindən biri məktəbdir: “Siniflərdə müasir oturacaqlar olsa da, sinif otaqları təmirsiz vəziyyətdədir. Hətta o dərəcədə ki, uşaqlar hələm-hələm ayaq basmağa ürək eləmirlər.  Soyuq aylarda sinifləri qızdırmaq müşkül məsələyə çevrilir”.

“Xuluf kəndində məktəb yoxdur. O kəndə ən yaxın məktəblə, yəni bizim kənddə yerləşən Əhməd Həsənov adına olan məktəb ilə aralarında 5 kilometr məsafə var. Birinci sinif şagirdləri gedib-gəlməkdə çətinlik çəkirlər”, – o deyib.

Müsahibimiz onu da vurğulayıb ki, məktəbdə davamiyyəti aşağı salan əsas amillərdən biri də hər iki kəndin yollarının təmirsiz olmasıdır: “Kənddə 500-600 arası məktəb yaşlı uşaq var, onun 100 nəfəri şəhər məktəblərinə gedir. Yerdə qalan şagirdlərin yarıdan çoxu dərsə gəlmir, gələnlər də doğru-dürüst təhsil ala bilmirlər. Bu da müəllimlərin savadsızlığı ilə bağlı məsələdir”.

Z.Məmmədov onu da qeyd edib ki, uzun zamandır məktəbin direktoru vəzifəsindən  azad edilməsinə baxmayaraq yerinə təyinat olmayıb.