2020-ci ilin Avropa futbol çempionatının seçmə mərhələsinin E qrupunda yarışan Azərbaycan milli komandası sentyabrın 9-u Bakıda Xorvatiyadan xal qoparıb. 1:1 hesabı ilə bitən oyunda ilk xalını qazanan Azərbaycan yığması qrupun son pilləsində dayanır və final raunduna çıxmaq şansını itirib.

Xorvatiya milli komandası 5 dəfə dünya çempionatının, 5 dəfə Avropa çempionatının final raundlarında oynayıb, 1998-ci ilin dünya çempionatında üçüncü, 2018-ci ilin dünya çempionatında ikinci yeri tutub.

Novator.az Azərbaycan milli komandasının güclü rəqiblərlə yaxşı sayılan başqa nəticələrinə də nəzər salıb.

1995-ci il noyabrın 15-də milli Avropa çempionatının seçmə mərhələsində Polşadan xal alıb. Türkiyədə keçirilən oyun 0:0 hesabı ilə bitib. Bu, turnirdə Azərbaycanın yeganə xalı olub. Yığma 6 komandalıq qrupda 6-cı yeri tutub.

1996-cı il avqustun 31-də yığma dünya çempionatının seçmə mərhələsinin evdə keçirilən oyununda İsveçrəni məğlub edib – 1:0. Milli seçmə mərhələni 3 xalla, 5 komanda arasında qrup sonuncusu kimi bitirib.

1999-cu il sentyabrın 4-ü evdə, Avropa çempionatının seçmə oyununda Azərbaycan Portuqaliya ilə 1:1-lik heç-heçə əldə edib. Seçmə turniri Azərbaycan 4 xalla, 6 komanda arasında 5-ci sırada başa vurub.

2001-ci il iyun 6-sı dünya çempionatının seçmə mərhələsinin Azərbaycan – Slovakiya oyunu 2:0 hesabı ilə nəticələnib. Seçmə mərhələdə Azərbaycan 5 xal toplayıb, 6 komanda arasında autsayder olub.

2003-cü il fevralın 12-si səfərdə Serbiya və Çernoqoriya ilə qarşılaşan Azərbaycan evə 2:2 hesabı ilə dönüb. İyunun 11-i həmin rəqib evdə 2:1 hesabı ilə yenilib. Hər iki oyun Avropa çempionatının seçmə mərhələsini əhatə edib. Seçmə mərhələni milli komanda 4 xalla bitirib, 5 komanda arasında son pilləni tutub.

2007-ci il martın 28-də yığma evdə, Avropa çempionatının seçmə oyununda Finlandiyanı yenib – 1:0. Seçmə mərhələdə komanda 5 xal toplayıb, 8 komanda arasında sonuncu olub.

2009-cu il oktyabrın 14-də Azərbaycan dünya çempionatının evdə keçirilən oyununda Rusiyadan xal alıb – 1:1. Seçmə mərhələni Azərbaycan 5 xalla, 6 komanda arasında 5-ci sırada bitirib.

2010-cu il oktyabrın 12-də Azərbaycan evdə, Avropa çempionatının seçmə oyununda Türkiyəni 1:0 hesabı ilə yenib.

2011-ci ildə sentyabrın 2-də eyni mərhələnin Azərbaycan – Belçika görüşü 1:1 hesabı ilə bitib. Seçmə mərhələdə 7 xal toplayan Azərbaycan 6 komandalıq qrupda 5-ci olub.

2012-ci il noyabrın 14-də yığma səfərdə, dünya çempionatının seçmə oyununda Şimali İrlandiya ilə 1:1-lik heç-heçə əldə edib.

2013-cü il sentyabrın 7-si səfərdə İsraillə, oktyabrın 15-i evdə Rusiya ilə 1:1 hesabları əldə olunub, oktyabrın 11-i yığma öz meydanında Şimali İrlandiyanı udub – 2:0. Seçmə mərhələdə yığma 9 xal toplayıb, 6 komanda arasında 4-cü yeri tutub.

2015-ci ildə Azərbaycan Avropa çempionatının seçmə mərhələsində iki güclü rəqibdən xallar alıb. Yığma iyunun 12-si səfərdə Norveçlə, sentyabrın 3-ü evdə Xorvatiya ilə 0:0 oynayıb. Seçmə mərhələdə Azərbaycan 6 xal toplayıb, 6 komanda arasında 5-ci olub.

2016-cı il oktyabrın 8-də yığma evdə, dünya çempionatının seçmə oyununda Norveçi 1:0 hesabı ilə yenib, oktyabrın 11-i səfərdə Çexiyadan xal alıb – 0:0. Seçmə mərhələdə Azərbaycan 10 xal toplayıb, 6 komanda arasında 5-ci yeri götürüb.