Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri imzalayıb.

Yeniliyə görə əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat müəyyən olunur.

Hazırda minimum pensiya 160 manatdır.

Pensiyaların indeksləşdirilməsi qaydası da dəyişir.

İndi əmək pensiyaları ildə bir dəfə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilir. Proses Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilir.

Dəyişikliyə əsasən, əmək pensiyasının yalnız sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək.

Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalını isə ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirmək nəzərdə tutulur.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2019-cu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artıb.

2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsulları və xidmətlərin isə 2018-ci ilin eyni dövrünə nisbətən 2,7 faiz bahalaşdığı açıqlanıb.