Gədəbəy rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan Respublikasının “İctimai İştirakçılıq haqqında” qanununun təbliği istiqamətində maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində təlim keçirilib.

“Bölgənin Səsi” saytının məlumatına görə, tədbiri layihənin rəhbəri, Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu açıb. O, qonaqları salamladıqdan sonra “İctimai İştirakçılıq haqqında” qanun barədə danışıb.

Şəmkir Resurs və Təlim Mərkəzinin rəhbəri Fuad Bədəlov isə bu qanun layihəsinin Gədəbəy rayonunda tətbiq olunmasının vacibliyindən və onun gələcəkdə vətəndaş cəmiyyətində hansı müsbət dəyişikliklərə gətirib çıxaracağından danışıb. Ardınca bu qanun layihəsinin detalları barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə Gədəbəy rayon icra hakimiyyətinin nüməyəndəsi, mədəniyyət işçiləri, kitabxanaçılar, bələdiyyə üzvləri, kənd icma nümayəndələri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.