Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi texnika yarmarkalarının növbəti ünvanı Şəki olub. Mayın 26-27-də Zaqatala, Qax, Balakən, Şəki rayonlarının fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış olub, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, texnika yarmarkalarında 20-dən artıq təchizatçı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsul və xidmətlərini təsərrüfat sahiblərinə və fermerlərə təqdim ediblər.

“Fermerlər bizə mütəmadi olaraq, bu və ya digər texnikanı hansı təchizatçıdan ala biləcəkləri barədə suallar verir. Bir dövlət qurumu olaraq hər hansı təchizatçıya fermer və ya sahibkarı yönəltməyi liberal bazar qanunlarına zidd sayırıq. Ona görə də əminik ki, bu yarmarkalar fermerlərin özlərinin təchizatçıları tapmasına şərait yaradacaq”, – deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev yarmarkaların təşkili səbəbini belə izah edib.

Mirzə Əliyev bildirib ki, kredit, sığorta və lizinq şirkətlərinin yarmarkada iştirakı fermerlərə kənd təsərrüfatı texnikalarını özlərinə sərf edən şəkildə əldə etmək üsullarını öyrənməyə kömək olacaq.

Xatırladaq ki, mayın 20-dən iyunun 15-dək ölkənin 6 regionunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) keçirilməsi planlaşdırılan kənd təsərrüfatı texnikası yarmarkalarını Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir.