Xəbər verdiyimiz kimi, mayın 21-i Şərq Tərəfdaşlığı proqramı 10 illik yubileyini Mingəçevirdə qeyd etdi.

Başçı ilə görüş

“Avropa günləri”nin növbəti mərhələsi Nur şəhərində keçirildi. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, eləcə də İttifaqa üzv olan dövlətlərin Azərbaycandakı diplomatik korpus nümayəndələri, bir neçə ölkənin fövqəladə və səlahiyyətli səfiri və  media nümayəndələri Mingəçevirdə səfərdə oldular.

Qonaqlar əvvəlcə Migəngəçevir Şəhər İcra Hakimiyyətinə baş çəkdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qonaqlara, görüşün təşkilatçılarına və iştirakçılarına şəhər haqqında geniş məlumat verdi. O, Şərq tərəfdaşlığının 10-cu ildönümünə həsr olunan “Avropa Günləri”nin Mingəçevir şəhərində keçirilməsi proqramının çox zəngin olduğunu və bu proqramın müvəffəqiyyətlə keçiriləcəyini dilə gətirdi, şəhərin turizm və sənaye imkanları barədə qonaqlara ətraflı məlumat verdi.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas isə öz növbəsində şəhərə valeh olduğunu bildirdi. Nümayəndə heyətinin rəhbəri onu da qeyd etdi ki, ittifaq hər vasitə ilə qaldırılan təşəbbüslərə dəstək durmağa hazırdır.

Görüşdə bir sıra maraqlı məsələlər müzakirə edildi, “nur şəhəri” ilə bağlı sorğular cavablandırıldı. İcra başçısı İlham İsmayılov verilən sorğulara cavab olaraq qonaqlara Mingəçevir haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, Mingəçevirdə istər turizm, istərsə də sənaye sahəsində xarici investorların fəaliyyəti üçün hər cür şərait mövcuddur.

Söz alan digər qonaqlar Mingəçevir şəhərinə heyran olduqlarını və burada verilən təkliflərin uğurla icra olunacağına əminliklərini vurğuladılar. Bu şəhərə yatırılan investisiya mütləq uğurla nəticələnəcək, çünki Kür çayının kənarında yerləşən Mingəçevir şəhəri bütün sahələrdə özünü doğrultmaq imkanlarına malikdir.

Mərkəzi Xəstəxanada…

Avropa İttifaqının nümayəndələri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına da baş çəkdilər və icbari tibbi sığortanın pilot layihə şəklində tətbiq edildiyi tibb müəssisəsinin fəaliyyəti və Aİ-nin maliyyələşdirdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin nəticələri ilə tanış oldular.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Nurlan Məmmədov, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov, tvinninq layihəsinin nümayəndə heyəti və beynəlxalq ekspertlərin iştirak etdiyi tədbirdə Kestutis Yankauskas qeyd etdi ki, səhiyyə insan kapitalının inkişafına sərmayə qoyuluşu üçün çox vacib bir sahədir: “Bu istiqamətdə Azərbaycanda İTS-nin tətbiqi üzrə pilot layihə həyata keçirilir. Aİ isə tvinninq layihəsi çərçivəsində mütəxəssis dəstəyini təmin edir. Pilot ərazilərdə Fransa, Litva və Estoniya mütəxəssisləri işləyib, İTS-nin müxtəlif modellərini təqdim edirlər ki, Azərbaycan onlardan özü üçün daha münasibini seçə bilsin. Tvinninq layihəsinin nəticələri onu göstərdi ki, İTS-nin tətbiqi Azərbaycanın bütün vətəndaşları üçün genişləndirilməlidir”.

Agentliyin əməkdaşı Nurlan Məmmədov isə bildirdi ki, layihə çərçivəsində Azərbaycanda İTS-nin ölkə üzrə tətbiqinin layihələndirilməsi və maliyyələşdirilməsi modelinin işlənilməsi, baza zərfinin təkmilləşdirilməsi, tibb təchizatçıları ilə müqavilələrin bağlanılması, informasiya texnologiyalarının inkişafı ilə bağlı verilən tövsiyə və təkliflər pilot layihənin tətbiqində böyük rol oynayıb.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov tibb müəssisəsinin fəaliyyəti haqqında qonaqlara geniş məlumat verdi. O, qeyd etdi ki, İTS-nin tətbiqindən sonra tibb müəssisəsinin maddi-texniki bazası yaxşılaşdırılıb, kadr potensialı gücləndirilib.

“Expertise France”ın nümayəndəsi Andrey Tretyak layihənin uğurlu tətbiqindən, İTS-nin əhalinin sağlamlığının qorunmasında oynadığı roldan danışdı. Onun fikrincə, İTS-nin tətbiqi Azərbaycanın iqtisadi artımına öz töhfəsini verəcək.

Tvinninq layihəsinin rezident müşaviri Qediminas Çerniauskas 2017-2018-ci illərdə İTS-nin tətbiq edildiyi pilot ərazilərdə müsbət nəticələr əldə edildiyini, səhiyyə işçilərinin əməkhaqlarının artdığını və cərrahi əməliyyatlarla bağlı əhalinin maliyyə yükünün əhəmiyyətli dərəcədə azaldığını iştirakçıların diqqətinə çatdırdı.

Konsert

Səməd Vurğun meydanında Avropa günlərinə həsr olunmuş sərgi və “Meridian” qrupunun ifasında rok konsert isə tədbirin həmin günkü hissəsinə möhürünü vurdu.

Qeyd edək ki, Avropa günlərinə həsr olunmuş tədbirlər mayın 22-də Samux rayonuna səfərlə yekunlaşıb.