Mayın 20-də ABŞ dollarının (1,7 manat), Gürcüstan larisinin (0,6199 manat) və Rusiya rublunun (0,0263 manat) rəsmi məzənnələri sabit qalıb.

Bahalaşan Türkiyə lirəsi banklara 0,2805 manata satılır.

Avro isə yenidən 1 manat 90 qəpik həddindən aşağı düşüb: 1,8962 manat (Tam siyahı).

Nağdsız dövriyyəyə 1999-cu ildə buraxılan avro 2002-ci ildən real pul vahidi kimi işlədilir. Zonaya Almaniya, Andorra, Avstriya, Belçika, Estoniya, Finlandiya, Fransa, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Monako, Niderland, Portuqaliya, San Marino, Slovakiya, Sloveniya, Vatikan və Yunanıstan daxildir.

Novator.az-ın məlumatına görə, avro 2019-cu ilə 1,9323 manatla başlayıb. Aprelin 25-də avro il ərzində ilk dəfə 1 manat 90 qəpikdən ucuz – 1,8968 manata satılıb. Həmin ayın 26-da avroya 1,8931 manat, 29-da 1,8966 manat qiymət qoyulub. Mayın 3-də avro yenidən 1 manat 90 qəpikdən aşağı düşüb: 1,8986 manat.

Dolların indiki qiyməti 2018-ci il martın 7-dən qüvvədədir. Lari 2019-cu ilə 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.

Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün yanvar-aprel aylarında keçirdiyi valyuta hərraclarında 1 milyard 975,3 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 634,9 milyon dollar, fevralda 316,2 milyon dollar, martda 600,5 milyon dollar, apreldə 423,7 milyon dollar alınıb.