Mayın 17-də prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini Ramazan ayı münasibətilə qəbul edib.

Dövlət başçısı Azərbaycanın müsəlman ölkələri ilə çox sıx əməkdaşlığı olduğunu vurğulayıb: “Siyasi sahədə fəal dialoq aparılır. Əlbəttə, çox istərdik ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Müsəlman ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu məsələlər daim gündəlikdədir. Biz çox istərdik ki, təmsil etdiyiniz ölkələrdən olan şirkətlər Azərbaycanda müxtəlif layihələrdə daha fəal iştirak etsinlər.

Son vaxtlar Azərbaycanda turizmin inkişafı sürətlə gedir. Çox şadam ki, müsəlman ölkələrindən olan turistlər Azərbaycana gəlirlər və onların sayı ildən-ilə artır. Bir sözlə, ikitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bu əlaqələrin gələcək inkişafı üçün çox yaxşı şərait və imkanlar var.

Biz beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə qarşılıqlı dəstək göstəririk. Bu qarşılıqlı dəstək bizim əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır. Bu münaqişə və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Bu, beynəlxalq hüququn pozulmasıdır. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul ediblər, əfsuslar olsun ki, işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər. BMT Təhlükəsizlik Şurası – dünyanın ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ancaq qətnamələr kağız üzərində qalıb və bu, ikili standartların təzahürüdür. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və Azərbaycanın ərazi bütövlüyü tam beynəlxalq dəstək alıb. Ancaq işğalçıya kifayət qədər təzyiq göstərilmir. Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi birmənalıdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlarda bizə göstərilən dəstəyə görə müsəlman ölkələrinə bir daha təşəkkürümü bildirirəm”.

Ramazan ayı mayın 6-da başlayıb. Bayram iyunun 5-də qeyd olunacaq.