Ağsu, İsmayıllı, Şamaxı rayonlarında fevralın 5-də baş verən zəlzələdə tarixi abidələrə ziyan dəyməyib.

Bu barədə həmin rayonlarda fevralın 5-də baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərə dair İsmayıllıda keçirilən 3 aylıq hesabat brifinqində bildirilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov deyib ki, zəlzələ zamanı tarixi abidələrə ziyan dəyməyib: “Tarixi abidələr o qədər yaxşı tikilib ki, zəlzələ zamanı heç bir daş da qopmayıb. Tarixi abidələrə dövlət səviyyəsində diqqət var, onların qorunması istiqamətində tədbirlər görülür”.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da zəlzələ zamanı rayondakı tarixi abidələrə ziyan dəymədiyini bildirib: “Tarixi abidələr çox keyfiyyətli tikilib. Azərbaycan dövləti tarixi abidələrin qorunmasına xüsusi diqqət yetirir”.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev də zəlzələ zamanı tarixi abidələrin zərər görmədiyini söyləyib.