“Ermənistan bölgədə sülhə təhlükə törədir”

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Forumun “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” mövzusunda panel müzakirələrinin açılışında çıxış edib.

XİN-dən verilən xəbərə görə, Qoşulmama Hərəkatı üzv ölkələrinin təşəbbüsü ilə 2018-ci ilin 12 dekabr tarixində BMT Baş Assambleyasının “24 Aprel – Çoxtərəflilik və sülh naminə diplomatiya Beynəlxalq Günü” adlı qətnamənin qəbul edildiyini qeyd edən nazir bəşəriyyətin davamlı sülh məqsədinə nail olunmasında çoxtərəfliliyin əhəmiyyətini vurğulayan bu qətnamənin həm-müəllifləri sırasında Azərbaycanın da yer aldığı barədə məlumat verib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında iştirakçılara məlumat verən E. Məmmədyarov Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətinə toxunaraq bunun bölgəmizdə davamlı sülhə və inkişafa təhlükə törətdiyini xüsusilə vurğulayıb. Nazir regionda davamlı sülhə nail olmaq üçün işğala son qoyulmasının, işğal edilmiş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılmasının və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.

Həmçinin çıxışı zamanı BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və Qoşulmama Hərəkatının Bandunq prinsiplərinə diqqəti cəlb edən nazir Məmmədyarov sözügedən sənədlərdə qeyd olunmuş prinsipləri, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət olunmasının vacibliyini qeyd edib.