Gəncənin tarixi qəbiristanlığı dağıdılır

Gəncə şəhərinin bu günə gəlib çatan qədim qəbiristanlıqlarından biri – “Səbiskar” məhv olmaq üzrədir. Burada köhnə qəbirlər baxımsızlıqdan, təbii amillər və izləri çox aydın görünən insan müdaxiləsi üzündən dağılır.

Köhnə qəbirlər dağıdılaraq yenilərilə əvəz olunur.

Qəbristanlığa nəzarət edən şəxslər məhz uzun illərdir kimsə tərəfindən ziyarət olunmayan köhnə qəbirləri hədəf seçirlər. Üzərinə ot-zibil yığıb yandırır, baş daşlarını dağıdırlar. Bununla da Gəncə tarixinin bu əvəzsiz nümunələri məhv edilir.

Tədqiqatçı Namlet Allahverdiyev qeyd edir ki, keçən il dağıdılan köhnə qəbirlərdən biri də XIX əsrdə Gəncənin yetişdirdiyi tanınmış şair Əli Şövqi Şeyxzamanovun qəbridir. Təəssüflər olsun ki, şairin övladı olmadığı üçün qəbri də illərdir ziyarət olunmurdu. Qəbiristanlığın işçiləri vəziyyətdən istifadə edərək şairin qəbrini yenisi ilə əvəz ediblər.

Qeyd edək ki, Qacarlar dövrünə aid olan bu qəbiristanlıqdakı qəbirlər hələ tam araşdırılmadığından, tarixçilər onun qorunmasını vacib hesab edirlər.