Bakıda keçiriləcək Avroliqa finalının biletlərini 100-dən çox ölkənin vətəndaşları alıb

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu Azərbaycan üçün xarici ölkələrin vətəndaşlarının böyük maraq göstərməsi baxımından da əlamətdar olacaq.

UEFA-nın onlayn satışa çıxardığı 21 min 500 ədəd bilet 100-dən artıq müxtəlif xarici ölkənin vətəndaşları tərəfindən alınıb.

Bura finala yüksələcək komandalar üçün nəzərdə tutulmuş 12 min + 4 min (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finala yüksələcək komandaların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər) daxil deyil.

Bundan başqa, UEFA-nın tərəfdaşları, sponsorları üçün də ayrılmış 3 mindən çox bileti Azərbayan vətəndaşı olmayan şəxslər əldə edib.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da olacaq.