Qazaxda “Karyeranı bizimlə qur” layihəsi başladı

Bu gün Qazax Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Karyeranı bizimlə qur” layihəsi start götürüb.

Layihə çərçivəsində təlim kursunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin təlimçisi Rafət Şirəliyev həyata keçirir.

Layihənin məqsədi işsiz və iş axtaran gənclər üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihə çərçivəsində əmək bazarında iş axtaran insanlar hər gün ərzində müxtəlif təlim və seminarlarda iştirak edəcəklər. Təlimlər həftənin 5 günü saat 10:00-13:00 arası olmaqla həyata keçiriləcək.

Layihə periodu iş axtarma bacarıqlarının inkişafı təlimləri, departamentlərdə iş, fəal iş axtarma metodları, şəbəkənin genişləndirilməsi, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi olmaqla bir neçə mərhələdən ibarətdir. Layihə 2 həftə davam edəcək. İştirakçılara layihənin sonunda sertifikat və tövsiyə məktubları veriləcək.