BDU Qazax filialının tələbələri “İdeyadan biznesə” layihəsində iştirak ediblər

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə startap turları keçirilir. Vətəndaşların innovativ ideyalarının reallaşdırılmasma dəstək məqsədilə reallaşdırılan STARTAP turları bu dəfə Tovuz şəhərində baş tutub.

Tovuzda ilk dəfə olaraq startap tədbirlərində Qazax, Şəmkir, Goranboy, Tərtər, Yevlax, Gədəbəy rayonlarından olan bir qrup gənc iştirak edib.

Bakı Dövlət Universiteti Qazax filialını təmsil edən 20 nəfər tələbə də öz ideyalarını reallaşdırmaq üçün bu tədbirə qoşulublar. Tələbələrin irəli sürdükləri ideyalar münsiflər heyəti tərəfindən bəyənilib.

Tədbirdə iştirak edən komandalar arasında BDU Qazax filialının “Görən gözlər” və “Bacarıqlı əllər” adlı komandalarında birləşən tələbələrimiz ikinci və üçüncü yerləri bölüşüblər.

Qalib gələn komandalar may ayında Bakı şəhərində keçiriləcək STARTAP turunda və Milli Finalda iştirak etmək üçün vəsiqə qazanıblar. Tələbələr böyük əzmlə Bakıda keçiriləcək startap turunda yüksək nəticələr əldə etmək üçün öz bacarıqlarını daha da artırmağa söz veriblər.