Azərbaycanın ixracı 3 mlrd. dolları ötüb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan ixracı 3,2 mlrd. ABŞ dolları təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 282mln. ABŞ dolları olub. 

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin mart buraxılışında qeyd olunub.

Hesabata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 40 mln. ABŞ dolları və ya 16,5% artıb. Cari ilin ilk iki ayı ərzində Rusiyaya 82 mln. dolları, Türkiyəyə 63,6 mln. dolları, Gürcüstana 37 mln. dolları,İsveçrəyə 20,6 mln. dolları və İrana 8,5 mln. dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində Rusiyaya qeyri-neft ixracı 21%, Gürcüstana 13% və İrana 2,1 dəfə artıb.

2019-cu ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (30,5 mln. ABŞ dolları) birinci olub. Bu siyahıda mahlıc (25,9 mln. ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı isə (24,7 mln. ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə, 2019-cu ilin yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 76 mln., elektrik enerjisinin ixracı 30,5 mln., plastik və onlardan hazırlanan məmulatların ixracı 30,1 mln., pambıq lifi ixracı 26 mln., alüminium və ondan hazırlanan məmulatların ixracı 13,5 mln., kimya sənayesi məhsullarının ixracı 12,6 mln., qara metallar və onlardan hazırlanan məmulatların ixracı 6,6 mln., alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,1 mln., pambıq ipliyi ixracı 3,7 mln. ABŞ dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, kimya sənayesi məhsullarının ixracı 90%, elektrik enerjisinin ixracı 50%, meyvə-tərəvəzin ixracı 30%, plastik və onlardan hazırlanan məmulatların ixracı 26% artıb.