“Həmrəylik kuboku” uğrunda basketbol turniri keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsində qaliblərdən biri olan Elmar Rzalının icra etdiyi “Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri” layihəsi uğurla icra olunub. 12-14 fevral tarixlərində baş tutan turnirə rayon məktəbliləri qatılıb. Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə rayonun 8 orta ümumtəhsil məktəbinin VII-XI sinif şagirdlərindən təşkil olunmuş komandalar iştirak edib.

Layihə rəhbəri Elmar Rzalı layihə haqqında ətraflı məlumat verərək qeyd edib ki, layihənin icrasının başlıca məqsədi basketbol idman növünü təbliğ etmək, yeniyetmə və gənclərin sağlam həyat tərzinə yiyələnməsinə töhfə vermək, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdan ibarətdir.

Yarışın ilk matçında S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin basketbolçuları E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin komandasına qalib gəlib. Turnirin ikinci oyununda şəhər M.Hüseyn adına məktəb-liseyin komandası gərgin idman mübarizəsində keçən görüşdə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbindən olan basketbolçu həmyaşıdlarını üstələyib.

Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin basketbolçuları da ilk qarşılaşmadan qələbə ilə ayrılıb. Onlar Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli  tam orta məktəbin komandasından güclü olub.

Adını növbəti mərhələyə yazdıran sonuncu komanda İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbi üzərində texniki qələbə qazanan A.Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin basketbolçuları olub.

Yarışın yarımfinal mərhələsində Ürkməzli kənd tam orta məktəbin komandası ilə şəhər M.Hüseyn adına məktəb-liseyin idmançıları, eləcə də, şəhər 1 nömrəli tam orta məktəbin kollektivi ilə Qazaxbəyli kənd tam orta məktəbin basketbolçuları üz-üzə gəliblər.

Bürünc medallar uğrunda görüşdə Qazaxbəyli kənd tam orta məktəbin komandası ilə Ürkməzli kənd tam orta məktəbin idmançıları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən matç Qazaxbəyli basketbolçularının 9:6 hesablı qələbəsi ilə başa çatıb və onlar yarışın bürünc medallarına yiyələniblər.

“Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri” layihəsinin həlledici qarşılaşması 14 fevralda baş tutub. Finalda şəhər M.Hüseyn adına məktəb-liseyin komandası ilə şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri üz-üzə gəlib. Oyun boyu üstünlük əldə edən məktəb-liseyin yeniyetmə basketbolçuları 13:4 hesabı ilə qalib gələrək çempion olublar.

Yekunda ilk 3 yeri tutan kollektiv diplom və medallarla təltif olunub. Yarışın qalibi olan komanda isə “Həmrəylik kuboku” ilə mükafatlandırılıb.