“Qəbələ” yoxlama oyununda qalib gəldi

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama görüşü keçirib. Məşqlərini Bakıda gerçəkləşdirən “qırmızı-qaralar” “Sumqayıt”la görüşüb. Paytaxtda baş tutan qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında reallaşıb.

“Qəbələ”nin çalışdırıcısı Sənan Qurbanov yoxlama oyununda aşağıdakı “11-liy”ə şans verib: 22. Dmitri Bezotosnı 27. Bəhlul Mustafazadə 34. Urfan Abbasov 8. Qismət Alıyev 18. İlqar Qurbanov 14. Cavid Hüseynov 88. Sabİen Lilay 9. Davİd Volkov 11. Asif Məmmədov 7. Roman Hüseynov 21. Atakora Lalavele.

Qarşılıqlı hücumlarla başlayan görüşdə erkən qol qeydə alınıb. 12-ci dəqiqədə Elvin Məmmədov hesabı açıb. Buraxılan qoldan sonra fəallığı artıran “qırmızı-qaralar” fasiləyə qədər hesabda tarazlıq yaradıb. Asif Məmmədov bərabərlik qolunun müəllifi olub. İkinci hissədə Rauf Əliyev və Əli Mürsəlov meydana daxil olub. Oyuna qoşulduqdan 5 dəqiqə sonra Əliyev qələbə qoluna imza atıb. Beləliklə, “Qəbələ” yoxlama oyununda 2:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, “Qəbələ” Topaz Premyer Liqasındakı növbəti oyununu aprelin 1-də “Sabah”a qarşı keçirəcək.