Elit-raundda son oyun

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının elit-raundunda sonuncu oyununa çıxacaq. I qrupda yer alan yığmamız son turda Rumıniya ilə üz-üzə gələcək. 

Rusiyanın Krasnodar şəhərindəki “Kuban” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Bu oyunla eyni vaxtda qrupun digər matçında Rusiya İrlandiya ilə qarşılaşacaq.

2 turdan sonra 6 xala malik İrlandiya qrup lideri kimi final mərhələsinə vəsiqəni təmin edib. Bu səbəbdən, hər iki qarşılaşma formal xarakter daşıyır. Azərbaycan millisi qalib gəlsə, xallarını 4-ə çatdıraraq, qrupda 2-ci yeri tuta bilər. Hazırda 2 xala malik Rusiya 2-ci, hərəyə 1 xala malik Azərbaycan və Rumıniya 3-4-cü pillələrdə qərarlaşıb.