Azərbaycanın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Ağstafa-Qazax marşrutu üzrə ekskursiyaya çıxan Füzuli, İmişli, İsmayıllı, Oğuz, Qəbələ, Şamaxı və Şəki məktəbliləri martın 25-də Qazax rayonu ilə tanış olub. Qərb bölgəsi üzrə təşkil olunan bu tur-aksiyada 7 şəhər və rayon üzrə 315 nəfər məktəbli iştirak edib.

Tur–aksiya iştirakçılarını Heydər Əliyevin adını daşıyan parkda Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və aparatın məsul işçiləri, rayon Təhsil şöbəsinin əməkdaşları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tur-aksiya iştirakçılarını salamlayıb, məktəblilərə xoş səfər təəssüratları arzulayıb. 

Daha sonra Qazax Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, rayon Təhsil şöbəsinin müdir müavini Rasim Carçıyev, metodkabinetin müdiri Məhəmməd Cəfərov, aparıcı məsləhətçi Əziz Məmmədov, Bakı Dövlət Universiteti Qazax filialının tarix müəllimi Mübariz Süleymanov, şəhər 1 saylı tam orta məktəbin Əməkdar tarix müəllimi Mustafa Mirzəyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirovun bələdçiliyi ilə Qazax rayonu ilə tanışlıq olub.