“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Gəncədə

Martın 28-dən etibarən Gəncə şəhərində “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına start veriləcək.

Mədəniyyət Nazirliyindən bildirilib ki, festival respublikanın 15 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə keçiriləcək. Bütün regionların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağına imkan yaradacaq festival, eyni zamanda, bölgələr arasındakı mədəni mübadilənin gücləndirilməsinə və yeni təşəbbüslərə yeni imkanlar açacaq.

İki hissədən ibarət olan festivalın birinci hissəsi sərgiyə, ikinci hissəsi isə konsert proqramına həsr olunacaq. Sərgi çərçivəsində festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş ediləcək. Bundan başqa, sənətkarlıq nümunələrinin satış yarmarkası da təşkil olunacaq. Konsert proqramında isə musiqiçilər, rəqs qrupları, folklor kollektivləri, qiraət ustalarının çıxışları yer alacaq.

Qeyd edək ki, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Mədəniyyət Nazirliyinin iş planına əsasən Azərbaycanda ikinci dəfədir ki, keçirilir. Yaradıcılıq festivalı iki ay davam edəcək. Belə ki, festivalın mart ayında Gəncə və Ağstafada, apreldə Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcabədi, Abşeron, Xaçmaz, may ayında isə Lerik, Masallı, Şəmkir, Balakən, Şamaxı şəhərində keçiriləcəyi planlaşdırılır.