Qazaxda Novruz tonqalı çatılıb – Foto

Novruz bayramı respublikanın bütün bölgələrində olduğu kimi Qazaxda da böyük təntənə ilə qeyd olunub. Bu münasibətlə rayonda yerləşən Olimpiya İdman Kompleksinin qarşısında tonqal çatılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyəti Novruz şənliyinə qatılıb.

Novruzun rəmzi olan tonqal alovlandırıldıqdan sonra tədbir iştirakçıları bayram ovqatlı sərgilərə, müxtəlif nemətlərlə bəzədilmiş süfrələrə, pəhləvanların, idmançıların və uşaqların maraqlı çıxışlarına, əl işlərindən ibarət nümunələrə, qədim məişət əşyalarına tamaşa ediblər. Azərbaycan xalqının adət-ənənələrinə uyğun hazırlanmış Novruz təamları ilə tanış olub, qədim dövrlərdən bu günə yadigar qalan qədim sənət nümunələrinin nümayişinə baxıb, aşıqların ifasında el havalarını dinləyiblər.

Bayram şənliyində Kosa və Keçəlin zarafatları, Bahar qızın söylədikləri şeirlər, məzəli əhvalatlar, Novruzla bağlı adətlər, oxunan rəngarəng mahnı və müxtəlif rəqslər xüsusi marağa səbəb olub.

Novruz bayramına həsr olunmuş tədbir Olimpiya İdman Kompleksinin içərisində konsert proqramı ilə davam etdirilib.

Fotolar: İlham Mustafa