Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?

Yaşlı nəsil ümidlidir, nə vaxtsa hər şeyin düzələcəyinə doğub-böyütdüklərindən çox inanırlar. Bəlkə biz də o yaşa gəlib çatanda eyni cür düşünəcəyik, amma indi onların bu halını görəndə təəccüblənirəm.

Deməli, “Speys” telekanalının efirində cəmi bircə dəfə məşhur italyan rejissor Federiko Fellininin “Yol” filmini göstəriblər, özü də bərbad dublyajda. İndi anam hər gün azı 5-6 saat o kanala baxır ki, bəlkə dünya kino tarixində iz qoymuş o rejissorun və ya onun nəsildaşlarının hər hansı bir filmini göstərdilər.

Hər dəfə deyirəm, gəl otur, kompüteri öyrədim, dünya kinosunun incilərinə internetdən bax, yaxın durmur. Heç interneti öyrənməyə də ehtiyac yoxdur, bircə dəfə desə, o filmləri sevə-sevə quraram, gəl ki, istəmir. Fellininin filmlərini gözləyə-gözləyə uşaq vaxtı izlədiyi hind kinolarını təkrarlayır…

Atam da elədir. Neçə dəfə xahiş etmişəm ki, bir neçə saat vaxtını ayır, kompüteri işlətməyi başa salım, gündəlik xəbəri internetdən al. Kimə deyirsən, axşam xəbərlərinin vaxtı çatan kimi “Speys”i açıb “Hər gün” informasiya proqramına baxmasa, dura bilmir. Bilir ki, o istədiyi xəbəri heç vaxt deməyəcəklər, taleyüklü məsələlərlə bağlı hadisələri öz bildikləri kimi şərh edəcəklər və sonda ölkədə baş verənləri məndən soruşacaq, buna rəğmən yenə ümidini üzmür.

***

12 mart axşamı “Hər gün” informasiya proqramı bu anonsla başladı: “Eşq müqəddəsdir, xəyanət əhli aşiq ola bilməz”. “Həzrəti Yusif” serialında Yusif peyğəmbərin dediyi bu kəlamı eşidəndə elə bildim videoçarxı efirə hazırlayan montajçı serialla xəbərlər proqramının anonsunu səhv salıb. Qəfil yadıma düşdü ki, anam o serialı da izləyir və o serial “Speys”də yayımlanmır, oturub səbirlə proqramın başlanmağını gözləyəsi oldum.

Söhbət Suraxanı rayonunun Hövsan qəsəbəsində, Bahar bağları yaşayış massivində qeydə alınan hadisədən gedirmiş. Orada kirayədə yaşamış 1986-cı il təvəllüdlü Həbib və 1985-ci il təvəllüdlü Əntiqə evin həyətində yerləşən hamamda dəm qazından boğularaq ölüblər. Xəbərin anonsuna gələndə, ona səbəb meyiti tapılan şəxslərin qeyri-rəsmi nikah münasibətində yaşadığı imiş.

Məlum hadisəylə bağlı reportajdan və Həzrət Yusifin kəlamından sonra xəbərlər proqramının aparıcısı mərhumların münasibətini sorğulamağa başladı. Təbii, peyğəmbərin fikrindən fərqli bir şey demədi, sadəcə dönüb-qayıdıb təkrarladığı sözlərdən sonra məndə belə bir təsəvvür yarandı ki, xəyanət əhlini Hitler sayağı qaz kameralarına doldurub boğmaq imandandır. Hərçənd nəzərə alsaq ki, Azərbaycanda boşanma zamanı əmlak bölgüsündə problem yaranmasın deyə nikah bağlamadan bir-biriylə evlənib oğul-uşaq sahibi olan saysız-hesabsız insan var, ittihamın nə qədər absurd səsləndiyini görərik.

Ürəyimdə atamı qınayıb telefonu əlimə aldım görüm xəbər saytları nə yazır? “Quql”da belə bir cümləni axtarışa verdim: “İki nəfər dəm qazından boğuldu”. Hamını özüm kimi bildiyim üçün hadisədə dünyasını dəyişən şəxslərin cinsini yazmamışdım. İlk olaraq qarşıma “Qafqazinfo”nun xəbəri çıxdı: “Kişi ilə qadın hamamda dəm qazından boğulub”.

Dərhal axtarıb tapdım ki, eyni xəbəri ONA agentliyi də oxşar sərlövhədə təqdim edib: “Bakıda kişi və qadın dəm qazından boğularaq ölüb”. Hətta o da məlum oldu ki, xəbəri öz stilinə uyğunlaşdıran “Qafqazinfo” agentlikdən fərqli olaraq hamamda meyiti tapılan şəxslərin qeyri-rəsmi nikah münasibətində yaşayıb-yaşamadığını yazmayıb. Yəni başlıqla oynamağına baxmayaraq agentliyə nəzərən insaflı davranıb.

Yerdə qalan saytlar da iki media qurumunun arasında qalıb: bir qrup birincilərin, digəri isə ikincilərin yaydığı informasiyaya istinad edib.

Mediada yayımlanan eyni tipli köhnə xəbərlərə baxıram: “İki nəfər dəm qazından boğulub”, “Şamaxıda iki nəfər dəm qazından zəhərləndi”, “Dəm qazı iki nəfərin ölümünə səbəb oldu”, “Bir gündə 4 nəfər dəm qazının qurbanı oldu”… Bu başlıqların heç birində cinsi mənsubiyyət qabardılmayıb. Niyə? Ona görə ki, ya dünyasını dəyişənlərin arasında qadın yoxdur, ya da ölənlərin hər ikisi qadındır. Bu da az qala sıfır reytinq deməkdir.

Yazını yaza-yaza valideynlərimin televiziyalardan asılılığını başa düşürəm: onlar gözəl bilirlər ki, xəbəri təqdim edən azərbaycanlıdırsa, internet mediasında da eyni səhvlərə yol verəcək. Adətən bu tip xəbərlərdə adlar belə şərti qeyd olunur. Yuxarıda adını çəkdiyim telekanal və saytların ortaq xətalarından biri də odur ki, heç biri bu nüansı nəzərə almamışdı: adını, soyadını, təvəllüdünü, ev ünvanını açıqladığı iki insanın ölümünə telekanal xəyanət prizmasından baxıb reytinq yığırdısa, saytlar onların cinsi mənsubiyyətini qabardaraq reytinq yığırdı.