Genişmiqyaslı təlimlər başa çatıb

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb. Martın 11-dən keçirilmiş təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

15 marta məlumata görə, təlimlərin yekunları Müdafiə Nazirliyinin səyyar kollegiya iclasında müzakirə edilib. Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi iclasda danışan müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib ki, qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub və qoşunlar irimiqyaslı döyüş əməliyyatlarını uğurla yerinə yetiriblər.

Nazir qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər. O, komandanlığın təlimə cəlb edilən qoşunları idarəetmə bacarığını və hərbi qulluqçuların döyüş əzmini yüksək qiymətləndirib.