Qızıl Aypara 99-cu ildönümünü qeyd edir

1920-ci ildə mart ayının 10-da təsis olunmuş Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu il özünün 99-cu ildönümünü qeyd edir.
7 aprel 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin  “Qızıl Aypara gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən  hər il mart ayının 10-u “Qızıl Aypara Günü” kimi qeyd edilir. Bu günün önəminə uyğun olaraq, bu il də AzQAC bir sıra silsilə tədbirlər həyata keçirir.
İlk olaraq Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov başda olmaqla, rəhbərlik, Cəmiyyətin üzvləri, könüllüləri AzQAC-ın fəxri üzvü, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, əklil qoyublar. Jurnalistlər qarşısında çıxış edən Novruz Aslanov Cəmiyyətin keçdiyi 99 illik şanlı tarixi yolundan ətraflı bəhs edib, bu sahədə Ulu Öndərin danılmaz köməyini vurğulayıb, sualları cavablandırıb.
Tədbirin davamı olaraq, Azərbaycan Texniki Universitetində Mərkəzi Qan Bankı ilə birlikdə qanvermə aksiyası keçirilib. AzQAC-ın bütün rayon və şəhər bölmələrində də humanitar aksiyalar reallaşdırılıb.
Tədbirlərdə AzQAC-ın rəhbərliyi, kollektivi, çoxsaylı üzvləri və könüllüləri, həmçinin, Azərbaycan Texniki Universitetinin rəhbərliyi və kollektivi iştirak ediblər. Aksiyanı açıq elan edən Texniki Universitetin rektor əvəzi, professor Xalıq Yahudov AzQAC-ın humanitar sahədə gördüyü işlərin önəmindən söz açıb, universitetin qanvermə aksiyasında AzQAC-a dəstəyin vacibliyini vurğulayıb.
Daha sonra universitetin akt zalında tələbələrlə “Azərbaycan QAC və könüllülük” mövzusunda görüş keçirilib.